İslam Həmrəyliyi Oyunlarının bayrağı Azərbaycana verildi (FOTOLAR)
2 oktyabr 2013 17:45
III İslam Həmrəyliyi Oyunları başa çatıb. Azerisport.az xəbər verir ki, sentyabrın 22-dən oktyabrın 1-dək Palembanq şəhərində keçirilmiş İslamiadada Azərbaycanı təmsil edən 52 idmançı 24 medal qazanıb (7 qızıl, 8 gümüş, 9 bürünc medal).
Məlum olduğu kimi, bu il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş hesabat-seçki assambleyası keçirilmişdi. Assambleyada səsvermə zamanı yekdilliklə qərara alınmışdı ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edəcək.
Oktyabrın 1-də Palembanqda Oyunların təntənəli bağlanış mərasimi olub. İslam Oyunlarının bayrağı təntənəli surətdə Azərbaycana verilib. Bayrağı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qəbul edib.
Xatırladaq ki, sentyabrın 25-də Palembanqda “Azərbaycan günü” təşkil olunmuş və orada dövlətimizin başçısı İlham Əliyevin videomüraciəti səslənmişdi. Videomüraciətdə deyilir ki, Azərbaycan İslam Həmrəylik Oyunlarına güclü dəstək verir. Azərbaycan Prezidenti vurğulayıb: “Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaq”.